Əziz həmvətənlilər və dostlar,

Kompüter sistemlərində Azərbaycan dilinin istifadəsinə həsr olunmuş xüsusi saytı Sizin diqqətinizə təqdim edirik. Saytın Rus dilində də tərcüməsi mövcuddur.

Azərbaycan əlifbası üçün müxtəlif kodlaşdırılmasının istifadə edilməsi İnternet vasitəsilə ünsiyyətin aparılmasına və milli dildə informasiya resurslarının formalaşdırılmasına maneələr yaradır. 

Azərbaycan dili ilə bağlı mövcud olan texniki problemlərin həlli "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 iyun tarixli Fərmanı ilə əlaqədar olaraq xüsusən aktuallaşmışdır. Bu Fərmanda Azərbaycan dilinin istifadəsinin genişləndirilməsi üçün kompleks tədbirlər, o cümlədən bütün strukturlarda kargüzarlığın aparılması, nəzərdə tutulmuşdur.

Bizim saytımız mövcud olan texniki problemlərin həllinə kömək məqsədilə yaradılmışdır. Siz burada proqram vasitələri, şriftlər, əlavə köməkçi proqramlar (utilitlər) əldə edə, yaranan suallara məsləhətlər ala və müzakirələr apara bilərsiniz. Ümidvarıq ki, birgə səylərimiz nəticəsində mövcud problemi həll edə biləcəyik və Azərbaycan əlifbasının ümumiləşdirilmiş şəkildə istifadəsinə nail olacayıq. 

Saytın əlavə informasiya və səmərəli vasitələrlə zənginləşdirilməsində hər birimizin fəal iştirakı bu işlərə yardım göstərə bilər.

Sayt ictimai xarakter daşıyır. Burada yerləşdirilmiş materiallar, proqramlar bu təşəbbüsə köməklik göstərən təşkilatlar tərəfindən lütfən təqdim olunmuşdur və sərbəst yayım üçün nəzərdə tutulur.

| Başlanğıc | İnformasiya | Proqramlar | Fontlar | Forum | Əlaqələr | Mənbələr |