İndi Azərbaycan dilinin özünəməxsus inkişaf qanunları ilə cilalanmış
kamil qrammatik quruluşu, zəngin söz fondu, geniş ifadə imkanları, mükəmməl
əlifbası, yüksək səviyyəli yazı normaları vardır. Hazırda ölkəmizdə
cəmiyyət həyatının elə bir sahəsi yoxdur ki, Azərbaycan dili orada rahat
işlədilə bilməsin.
Bununla yanaşı Azərbaycan Respublikasının onillik inkişaf yolunun təcrübəsi
göstərir ki, digər sahələrdə olduğu kimi ana dilimizin öyrənilməsi
və tətbiqi sahəsində də hələ görüləsi işlər çoxdur. Ölkəmizin
orta və ali məktəblərində Azərbaycan dilinin müasir dünya standartlarına,
milli-mədəni inkişaf tariximizin tələblərinə cavab verən tədrisi işinin
təkmilləşdirilməsinə ehtiyac vardır. Bir çox kütləvi informasiya vasitələrində,
rəsmi yazışmalarda, kargüzarlıq və sair sahələrdə Azərbaycan ədəbi
dilinin normalarına lazımınca əməl olunmur. Azərbaycan dilinin reklam
işində istifadə edilməsində ciddi qüsurlar müşahidə olunur. Kəskin
tənqidlərə baxmayaraq, reklam vasitələrinin hazırlanmasında bir çox
hallarda xarici dillərə əsassız olaraq üstünlük verilir. Şəhər və
qəsəbələrimizin görkəminə xələl gətirən əcnəbi dilli lövhələr
gənc nəslin azərbaycançılıq ruhunda tərbiyəsinə mənfi psixoloji təsir
göstərir. Ölkə ərazisində yayımlanan televiziya kanallarının əksəriyyəti
xarici dillərdə fəaliyyət göstərir. Kino və televiziya ekranlarında
Azərbaycan dilinə dublyaj edilmiş xarici filmlərə nadir hallarda rast gəlmək
olar, dublyaj edilmiş ekran əsərlərinin tərcümə səviyyəsi isə olduqca
aşağıdır. Azərbaycan Respublikasının xarici siyasət sahələrində,
xüsusilə ölkəmizdə fəaliyyət göstərən səfirlik, xarici nümayəndəlik
və şirkətlərdə Azərbaycan dilinin işlənməsi yarıtmaz vəziyyətdədir.
Xaricdə yaşayan soydaşlarımızın Azərbaycan dili dərslikləri, tədris
vəsaiti, ana dilində elmi və bədii ədəbiyyat, mətbuat və sairə ilə
təmin olunması qənaətbəxş deyildir.
|