Azərbaycan Respublikası öz dövlət müstəqilliyini bərpa etdikdən sonra
Azərbaycan dilinin daha da inkişaf etdirilməsi yolunda geniş üfüqlər
açıldı. Təəssüflər olsun ki, respublikanın o zamankı rəhbərliyinin
səriştəsizliyi nəticəsində xalqın iradəsinə zidd olaraq dövlət dilinin
adı qeyri-qanuni şəkildə dəyişdirildi və məsələyə dolaşıqlıq,
anlaşılmazlıq gətirildi. Dövlət dili haqqında məsələ 1992-ci ilin
dekabrında Azərbaycanın Milli Məclisində müzakirə edildi və dövlət
dilinin adının dəyişdirilməsini nəzərdə tutan antikonstitusion qanun
qəbul edildi. Təəssüf ki, belə taleyüklü məsələnin həlli üçün
o zaman Milli Məclisə cəmi 26 nəfərin lehinə səs verməsi kifayət edirdi.
Halbuki dövlət dili haqqında müddəa konstitusiyada nəzərdə tutulduğuna
görə ona hər hansı dəyişiklik edilməsi ümumxalq müzakirəsi, ali qanunvericilik
orqanı üzvlərinin ən azı üçdə iki səs çoxluğu ilə edilə bilərdi.
Lakin o zaman adi qanunvericilik qaydalarına məhəl qoyulmamış, xalqın
iradəsi nəzərə alınmadan volyuntarist və məsuliyyətsiz bir qərar qəbul
edilmişdir.
Müstəqil Azərbaycan Respublikasının ilk konstitusiyasının layihəsinə
baxılarkən dövlət dili, daha doğrusu dövlətin dilinin adı haqqında
müddəa geniş müzakirə obyekti oldu. Həmin məsələ yeni konstitusiya
layihəsini hazırlayan komissiyada, kütləvi informasiya vasitələrində,
müxtəlif elmi forumlarda, yığıncaqlarda, idarə, təşkilat və müəssisələrdə
sərbəst, demokratik şəraitdə hərtərəfli müzakirə olundu. Nəhayət,
xalq 1995-ci il noyabrın 12-də referendum yolu ilə öz mövqeyini nümayiş
etdirərək Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili
olması müddəasına tərəfdar olduğunu bildirdi. Ana dilimizə qarşı edilmiş
haqsızlıq aradan qaldırıldı, onun hüquqları qorundu, cəmiyyətdəki
mövqeləri tam bərpa edildi.
|