Müstəqil Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də referendum
yolu ilə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dili dövlət dili
kimi təsbit edilmişdir. Hər hansı bir dilin dövlət dili statusu alması,
şübhəsiz ki, hər bir dövlətin bir dövlət kimi formalaşması ilə bilavasitə
bağlıdır. Azərbaycan xalqının tarixində Azərbaycan dili XVI əsrdə
Səfəvilər hakimiyyəti dövründə dövlət dili səviyyəsinə qalxsa da,
həmin ənənə milli dövlətçiliyin itirilməsi nəticəsində
uzun müddət qırılmışdır. Yalnız 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin
yaranması ilə Azərbaycan dilinin geniş tətbiq olunması yolunda böyük
imkanlar açıldı. Bu sahədə bəzi addımlar atılsa da, gənc respublikanın
ömrünün qısa olması Azərbaycan dilinin cəmiyyətdə dövlət dili
kimi mövqelərinin tam bərqərar edilməsinə imkan vermədi.
Azərbaycanda sovet hakimiyyəti yaradıldıqdan sonra qəbul edilmiş ilk
konstitusiyada, ümumiyyətlə dövlət dili haqqında heç bir maddə olmamışdır.
SSRİ-nin tərkibinə daxil olduqdan sonrakı dövrdə, daha doğrusu Azərbaycanın
1937-ci ildə qəbul edilmiş konstitusiyasında da belə bir maddə yox idi.
Yalnız 1956-cı ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə 1937-ci il
konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması barədə maddə
əlavə edildi. Lakin respublikanın o dövrdəki rəhbərliyinin mövcud siyasi
vəziyyəti lazımınca qiymətləndirə bilməyərək hadisələri sürətləndirmək
cəhdləri bu nəcib işi uğursuzluğa düçar etdi.
Nəhayət, Mərkəzin bütün maneələrinə baxmayaraq, respublikanın
1978-ci ildə qəbul edilən konstitusiyasına Azərbaycan dilinin dövlət
dili olması barədə maddənin daxil edilməsi müyəssər oldu. Bu, həmin
dövr üçün çox cəsarətli və qətiyyətli bir addım idi.
|