Azərbaycan dili bu gün dərin fikirləri ən incə çalarlarınadək olduqca
aydın bir şəkildə ifadə etmək qüdrətinə malik dillərdəndir. Düşüncələrdəki
dərinliyi, hisslərdəki incəlikləri bütünlüklə ifadə etmək kamilliyinə
yetişə bilməsi üçün hər hansı xalqa bir neçə minillik tarix yaşaması
lazım gəlir. Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi göstərir
ki, Azərbaycan xalqı dünyanın ən qədim xalqlarındandır.
Azərbaycan dilinin dünya dilləri arasında ən kamil dillərdən biri olduğu
həqiqətini bir çox xalqların görkəmli nümayəndələri də dönə-dönə
etiraf etmişlər. Onlar öz əsərlərində bu dili XIX əsrdə Avropada geniş
yayılmış fransız dili ilə müqayisə edərək, onu Avrasiyanın hər tərəfində
işlənilən bir dil kimi yüksək qiymətləndirmişlər. Milyonlarla azərbaycanlının
hal-hazırda mədəni inkişaf vasitəsi olan bu dil tarixən nəinki Qafqazda
yayılmışdır, hətta müəyyən dövrlərdə daha geniş məkanda müxtəlif
dilli xalqların da istifadə elədikləri ümumi bir dil olmuşdur.
Neçə-neçə böyük mədəniyyətin yaradıcısı olan xalqımızın
tarixi qədər onun dilinin təşəkkülü tarixi də olduqca qədimdir. Azərbaycan
dili türk mənşəli ümumxalq canlı danışıq dili zəminində əmələ
gəlib şifahi ədəbi dilə çevrilənədək və sonradan bu əsasda Azərbaycan
ədəbi dilinin yazılı qolu təşəkkül tapana qədər yüz illər boyunca
mürəkkəb bir yol keçmişdir.
Qədim və zəngin tarixə malik türk dil ailəsinin oğuz qrupuna daxil olan
Azərbaycan dilinin tarixi miladdan əvvəlki dövrlərə gedib çıxır. Ayrı-ayrı
türk boy birləşmələrinin ümumi anlaşma vasitəsi olan bu dil IV-V əsrlərdən
etibarən ümumxalq danışıq dili kimi fəaliyyət göstərməyə başlamışdır.
Dilimizin özəyini ta qədimlərdən Azərbaycan torpaqlarındakı türk əsilli
boyların və soyların dili təşkil etmişdir.
|