Azərbaycan dili dialekt və şivələrinin geniş Avrasiya məkanına yayılan türk xalqlarının az qala bütün dil xüsusiyyətlərini əks etdirəcək qədər rəngarəng olmasının da başlıca səbəbi ta qədimlərdən bu torpaqlarda etnik baxımdan eyni köklü türk etnoslarının mövcud olmasıdır. Şifahi şəkildə yayılan ilkin ədəbiyyat nümunələri - dastanlar, nağıllar, bayatılar, laylalar və sair Azərbaycan şifahi ədəbi dilinin erkən formalaşması və təkamülü zərurətini yaratmışdır.

Azərbaycan ədəbi dilinin yazılı qolu da əlverişli tarixi şəraitdə ümumxalq dili əsasında təşəkkül tapmışdır. Xalq şifahi şəkildə yaratdıqlarını əbədiləşdirmək üçün sonradan onları yazıya köçürmüşdür. Bu prosesin də yazı dilinin təşəkkülü və sabitləşməsində böyük əhəmiyyəti olmuşdur. Bu baxımdan "Kitabi-Dədə Qorqud" eposu olduqca səciyyəvidir. Abidənin bədii dilinin özünəməxsus səlisliyi bir daha göstərir ki, "Kitabi-Dədə Qorqud"un meydana çıxa bilməsi üçün Azərbaycan dili böyük tarixi-ədəbi hazırlıq mərhələsi keçməli idi.

Qaynağını uzaq keçmişdən alan Azərbaycan dilinin ilk və ən qədim yazılı nümunələri günümüzədək gəlib çatmasa belə, ölkəmizin ərazisində qədim əlifbaların varlığı, həmçinin yazı dilimizin bədii məna kamilliyi və digər amillər bu dilin dərin tarixi köklərə malik olduğunu sübuta yetirir. Həsənoğlu, Qazi Bürhanəddin, Nəsimi kimi söz sənətkarları Azərbaycan ədəbi dilinin belə bir bünövrəsi üzərində yüksəlmişlər.


| Başlanğıc | İnformasiya | Proqramlar | Fontlar | Forum | Əlaqələr | Mənbələr |