XVI əsr Azərbaycan dilinin mövqelərinin möhkəmlənməsi ilə əlamətdardır. Səfəvilər dövlətinin yaranması ilə Azərbaycan dili dövlət dili səviyyəsinə qalxaraq rəsmi və dövlətlərarası yazışmalarda işlədilməyə başlandı. Səfəvilər dövründə Azərbaycan dili sarayda və orduda tam hakim mövqe tutaraq dövlət dili kimi rəsmiləşdi. Anadilli ədəbiyyatın böyük ustadları Şah İsmayıl Xətai və Məhəmməd Füzuli, xalq ədəbiyyatımızın adı bizə bəlli ilk qüdrətli nümayəndəsi Aşıq Qurbani bu dövrdə yetişmişdir. Əgər şifahi şer dili Qurbaninin əsərlərində əks olunmuşdusa, xalq şeri dilinin yazılı qolu Şah İsmayıl Xətai və Məhəmməd Əmaninin yaradıcılığı ilə təmsil olunmuşdu. Füzulinin dolğun dili isə elmi və fəlsəfi olduğu qədər də xəlqi idi.

XVII əsrin xalq şerində cərəyan edən proseslər XVIII əsrdə şifahi xalq ədəbiyyatının bədii dilə təsiri şəklində özünü göstərir. Ədəbi dildə sadəliyə, canlı danışıq elementlərinə meylin gücləndiyi bu dövrdə Azərbaycan dilinin yeni inkişaf mərhələsi məhz Molla Pənah Vaqifin yaradıcılığı ilə başlanır.

XVIII əsrdə Azərbaycan ədəbi dilində üslub baxımından da zənginləşmə prosesi gedir. Elmi üslubun təşəkkülü üçün şərait yaranır, ayrı-ayrı elm sahələrinə dair bir çox əsərlər yazılır.


| Başlanğıc | İnformasiya | Proqramlar | Fontlar | Forum | Əlaqələr | Mənbələr |