XIX əsr ədəbi dilimizin inkişafı xalqımızın həyatında baş verən
köklü bir hadisə ilə yaxından bağlıdır. Bu, Azərbaycanın ikiyə parçalanması
və nəticədə iki ayrı dövlətin tabeçiliyində bir-birindən fərqli mədəni
mühitdə yaşamağa məhkum olması hadisəsidir. Müstəmləkəçilik siyasəti
ilə yanaşı, Rusiyanın Şimali Azərbaycanda oynadığı mədəniləşdirici
rol başqa elm sahələri kimi dilçiliyin də inkişafına zəmin yaratmışdır.
XIX əsrin ortalarından etibarən Azərbaycan dilinə aid bir sıra dərsliklər
və dərs vəsaitləri yazılıb nəşr olunmuşdur. Milli maarifçi ziyalılar
özləri ana dilini öyrənməyin, onu qoruyub saxlamağın ən əsas yolunun
məktəblərdə tədrisin ana dilində aparılmasında gördüklərindən Azərbaycan
dilinə aid dərsliklər və lüğətlər yazmağa başlamışdılar. Azərbaycan
dilinə dair ilk dərsliklərin yazılmasında o dövrün görkəmli maarifçiləri
Mirzə Kazım bəy, Mirzə Şəfi Vazeh, Seyid Əzim Şirvani, Aleksey Çernyayevski,
Mirzə Əbülhəsən bəy Vəzirov, Seyid Ünsizadə, Rəşid bəy Əfəndiyev,
Sultan Məcid Qənizadə, Məmmədtağı Sidqi, Nəriman Nərimanov, Üzeyir
Hacıbəyov, Abdulla Şaiq və başqalarının xidmətlərini qeyd etmək lazımdır.
Zaman keçdikcə dövrün tələbinə uyğun olaraq Azərbaycan dilinin istifadə
dairəsi də genişlənmiş, onun tətbiqinin və inkişafının elmi əsaslar
üzərində aparılması ehtiyacı meydana çıxmışdır. Rusca-azərbaycanca
və azərbaycanca-rusca lüğətlər, təcrübi-tədris kitabları nəşr olunmuşdur.
Məhz bu dövrdən başlayaraq Azərbaycan ədəbi dilinin normalarının müəyyənləşməsində
nəzəri-dilçilik ideyaları təzahür edir. Bu baxımdan Mirzə Fətəli Axundovun
ədəbi dil haqqında milli ədəbiyyatın realist məzmununa uyğun gələn
tezisləri xüsusilə diqqəti cəlb edir.
Dram, satira, realist nəsr dilinin yarandığı XIX əsrdə elmi üslubun
əsası kimi müasir elmi-fəlsəfi dilin ilk nümunələrinə də rast
gəlirik. Mətbuat dili də bu əsrin məhsuludur. "Əkinçi"dən başlayaraq
yaranmış milli mətbuat bu dilin inkişafında mühüm rol oynamışdır.
|