XX yüzillik isə Azərbaycan ədəbi dilinin ən sürətli tərəqqisi
və çiçəklənməsi dövrüdür. Ədəbi dil məsələsi
hələ əsrin əvvəlindən ictimai-siyasi mübarizənin tərkib hissəsi olmuşdur.
Həmin dövrdə ana dili kitabları hazırlanmış, dərsliklər buraxılmış,
müntəxəbatlar tərtib olunmuşdur. Azərbaycan dilinin səs quruluşuna və
qrammatik sisteminə dair kitablar yazılmışdır.
Mətbuat ana dili, ədəbi dil uğrunda mübarizənin önündə gedirdi. Ədəbi
dil normasının müəyyənləşməsində bütün görkəmli ziyalılar iştirak
edirdilər. Xalq dili xəzinəsinin qapıları "Molla Nəsrəddin" vasitəsilə
ədəbi dilin üzünə açılırdı. Bu dövrdə yaranan səhnə sənəti də
yeni milli-mədəni şəraitdə ədəbi dilə bədii nitq vasitəsilə öz töhfəsini
vermişdir.
Ana dilinin taleyinə heç bir ziyalının laqeyd qalmadığı bu dövrdə
Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Üzeyir Hacıbəyov, Ömər
Faiq Nemanzadə kimi görkəmli söz ustaları Azərbaycan dilinin saflığı
və onun yad ünsürlərdən qorunması uğrunda fədakarcasına mübarizə
aparırdılar.
Azərbaycan ədəbi dilinin tarixində bundan sonrakı yeni mərhələ sovet
dövrü ilə başlayır. Ərəb əlifbasını daha uyğun bir əlifba ilə əvəz
etmək məqsədilə 1921-ci ildə Əlifba Komitəsi yaradıldı və həmin komitəyə
Azərbaycan dili üçün latın qrafikalı əlifba tərtib etmək tapşırıldı.
Bir qədər sonra isə yeni əlifbaya keçildi. 1926-cı ildə Bakıda Birinci
Beynəlxalq Türkoloji Qurultay çağırıldı. Bu, türk dünyası üçün
böyük tarixi əhəmiyyəti olan bir hadisə idi. Qurultayın Bakıda keçirilməsini
20-30-cu illər Azərbaycanının dilçilik sahəsindəki elmi potensialına
verilən qiymət kimi səciyyələndirmək olar.
|